×
A
A
A
Sazlamalar

Norveç polisi vətəndaşları koronavirus məhdudiyyətlərinin pozulmasına görə cərimə edəcək

Stokholm, 26 noyabr, AZƏRTAC 

Norveç polisi vətəndaşları koronavirus məhdudiyyətlərinin pozulmasına görə cərimə edəcək.
AZƏRTAC Norveç mətbuatına istinadla xəbər verir ki, yeni məhdudiyyətlərə görə, digər qanun pozuntuları ilə yanaşı, ictimai nəqliyyatda maskasız səyahət edənlər ağır cərimələrlə cəzalandırılacaq.
Beləliklə, Norveç polisi dükanlarda, ticarət mərkəzlərində, barlarda, restoranlarda və insanların toplaşa biləcəyi bütün digər yerlərdə maskadan istifadə qaydalarını pozanları 2000 NOK (180 avrodan çox) cərimə edəcəkdir. Hər hansı bir alkoqollu içki satışına qoyulan qadağanı pozan bar və ya restoranlara 50.000 NOK-a (4700 avrodan çox) qədər ən yüksək cərimələr tətbiq olunur.
İctimai yerlərdə qoruyucu maskasız olan vətəndaşlara tətbiq edilən cərimələrdən əlavə, polis tədbir və məclislərin keçirilməsinə görə də cərimə edir. Yerli “Dagsavisen” qəzeti, ötən cümə axşamı gecə polisin Osloda səs-küylü tədbirin keçdiyi yaşayış evinə çağırıldığını bildirib. Çağırılan yerə gəlmiş polis tədbirdə 10-dan çox insanın iştirak etdiyini müəyyən edib. Qaydaların pozulması ilə əlaqədar olaraq, 10-dan çox qonağın iştirakı ilə xüsusi görüşlərin keçirilməsinə qadağa qoyulmasına görə ev sahibləri 10 000 Norveç Kron (təxminən 940 avro) cərimələnib. Polis, bundan sonra təşkilatçılardan əlavə bu cür tədbirlərdə iştirak edən qonaqların da cərimələnəcəyini söyləyib. Cərimənin məbləği hər biri üçün 5.000 Norveç kron (təqribən 470 avro) olacaq.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2020-11-26 04:51:00