×
A
A
A
Sazlamalar

Braziliyanın Deputatlar Palatasının Prezidenti işğaldan azad edilmiş əraziləri ziyarət etməyə dəvət olunub

Bakı, 26 noyabr, AZƏRTAC
Braziliyanın Deputatlar Palatasının Prezidenti Rodriqo Maya Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elxan Poluxovla görüşüb.
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı E.Poluxov sentyabr- noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat verib. Bildirilib ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələr və infrastruktur dağıdıldığından, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işləri başlanılıb və davam etdirilir. Azərbaycanda dərin multukulturalizm ənənələrinin olduğunu söyləyən səfir, ölkədə bütün dinlərə və etnik qruplara hörmətlə yanaşıldığı və Dağlıq Qarabağda yaşayan ermənilərin bütün vətəndaş hüquqlarının təmin ediləcəyini vurğulayıb.
Deputatlar Palatasının Prezidenti R.Maya bölgədə sülhün bərqərar olduğu xəbərinin böyük məmnuniyyət hissi ilə qarşıladığını etdiyini söyləyib.
Rodriqo Maya ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və bunun inkişaf etdirilməsi üçün potensialın mövcudluğunu da vurğulayıb. Siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən bu əlaqələrdə, parlamentlərarası münasibətlərin də vacib rolu qeyd olunub.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində məsələlər müzakirə edilib.
Sonda səfir E.Poluxov R.Mayanı yaxın gələcəkdə Azərbaycana səfərə və işğaldan azad edilmiş əraziləri ziyarət etməyə dəvət edib.

 

Siyasət 2020-11-26 03:26:00