×
A
A
A
Sazlamalar

Malayziya qəzeti Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə bəyanatını yayıb

Kuala Lumpur, 25 noyabr, AZƏRTAC

Malayziyanın nüfuzlu “New Straits Times” qəzeti Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı birgə bəyanatının tam mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, birgə bəyanatda Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin tarixi-mədəni abidələrimizin bərpası sahəsində görüləcək işlərə xeyir-dua verdiyi qeyd edilir.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz müraciət və müsahibələrində ölkənin digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evlərinin bərpa ediləcəyini, hər bir insanın inancına hörmətlə yanaşılacağını, sülh şəraitində birgəyaşayışın təmin olunacağını dəfələrlə bəyan edib.
Vurğulanır ki, tarixboyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar verir.
Bəyanat dünya ictimaiyyətinə müraciətlə tamamlanır: “Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!”.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Limpur

Cəmiyyət 2020-11-25 19:56:00