×
A
A
A
Sazlamalar

DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır

Bakı, 25 noyabr, AZƏRTAC

Avropa Sosial Xidmətlər Mükafatları (ESSA) Avropa Sosial Şəbəkəsinin (European Social Network) təşəbbüsüdür və Avropa üzrə sosial xidmətlərin və idarəçilərin, eləcə də bilavasitə sosial xidmət göstərənlərin fərqli fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır.
DOST Agentliyi sosial xidmətlərin vətəndaşlara sürətli və maneəsiz çatdırılması sahəsində islahatlar və innovasiyalar tətbiq edən qurum kimi Avropa Sosial Şəbəkəsi tərəfindən elan edilən “Avropa Sosial Xidmətlər üzrə Mükafat” (ESSA-2020 - European Social Services Award) müsabiqəsində finalçılar siyahısına daxil edilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə çərçivəsində DOST Agentliyinin fəaliyyəti 132 sayda DOST xidmətləri ilə əhatə olunan əhali qrupları, tərəfdaşlar, fəaliyyətin icra alqoritmləri, tətbiq edilən innovasiyalar sahəsində qiymətləndiriləcək. ESSA müsabiqəsinə təqdim olunan sənədlərin əhəmiyyətli hissəsi DOST mərkəzlərinin vətəndaşların həyat keyfiyyətinə gətirdiyi fərq və fəaliyyətin cari nəticələrinə aiddir.
Qeyd edək ki, DOST Agentliyi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması və təcrübə mübadiləsi məqsədilə müxtəlif qurumlar ilə əməkdaşlıq edir. Bunların sırasında Beynəlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və başqa təşkilatlar var.

Sosial 2020-11-25 16:46:00