×
A
A
A
Sazlamalar

Rəsmi Pekin Hindistanın Çinə məxsus mobil tətbiqləri bloklamasından narahatdır

Pekin, 25 noyabr, AZƏRTAC

Rəsmi Pekin Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin qərarı ilə elektron ticarət platforması olan "Aliexpress" də daxil olmaqla Çinə məxsus olan 43 mobil tətbiqin qadağan olunmasından ciddi narahatdır.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien noyabrın 25-də keçirdiyi mətbuat konfransında bu qərarın Dünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə zidd olduğunu, Çin şirkətlərinin maraqlarını və hüquqlarını tapdaladığını deyib. Hindistan tərəfinin həmin mobil tətbiqlərin ölkənin suverenliyinə təhdid kimi qiymətləndirməsini rəsmi Pekin qəbul etmir.
Çinin Hindistandakı səfirliyinin nümayəndəsi Ci Ron da bəyanatla çıxış edərək Hindistanın milli təhlükəsizlik iddiası ilə Çin mobil tətbiqlərini bloklamasına etiraz etdiklərini deyib.
Qeyd edək ki, bu, Hindistan tərəfinin Çin mobil tətbiqlərinə ilk qadağa qərarı deyil. İyun ayında Hindistan hökuməti əksəriyyəti Çinə aid olan 59 tətbiqin, o cümlədən “TikTok”, “Wechat”, “Weibo”, “Baidou map”, “Baidou translate”in ölkənin internet məkanında istifadəsini qadağan edib. İyul və sentyabrda isə 150-dək tətbiq bloklanıb. Çinin Kommersiya Nazirliyi bu qərarların Çin investorlarına və servis provayderlərinə qarşı diskriminasiya kimi qiymətləndirib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-11-25 16:23:00