×
A
A
A
Sazlamalar

Bu il Qaxda dən qarğıdalı istehsalı 3 min tondan çox artıb

Qax, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Bu il rayonun torpaq mülkiyyətçiləri 1887 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 167 hektar artıb. Cari mövsümdə rayonda 15 min 892,8 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 84,2 sentner məhsul götürülüb. Məhsul istehsalı əvvəlki illə müqayisədə 3 min 134,8 ton, hər hektardan məhsuldarlıq isə 10 sentner artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən yüksək məhsuldarlıq “Ulu Aqro” MMC-nin Qax Aqroparkında qeydə alınıb. Belə ki, bu il aqroparkda 180 hektar qarğıdalı sahəsindən 2 min 521,8 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 140,1 sentner təşkil edib. Cari mövsümdə rayonun Əlibəyli və Qaxingiloy kəndlərinin torpaq mülkiyyətçiləri isə hər hektar qarğıdalı sahəsindən 90 sentner məhsul götürməyə müvəffəq olublar.
Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2020-11-25 12:57:00