×
A
A
A
Sazlamalar

Saatlıda pambıq sahələrinin hər hektarından 32 sentnerdən çox məhsul götürülür

Saatlı, 25 noyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda pambıq yığımı davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 41 min 813 ton məhsul istehsal edən rayonun “ağ qızıl” ustaları bu il də yığımda öndə gedirlər. Hər gün sahələrdən 150-155 ton məhsul yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 2950 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq 14 min 141 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyədək sahələrdən 45 min 366 ton pambıq yığıblar. Tədarük olunan pambığın 36 min 415 tondan çoxu maşınların köməyi ilə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Uzun illər pambıq əkini ilə məşğul olan, Mircəlal kənd sakini, qabaqcıl pambıqçı Vilayət Mirzəyev hər il yüksək məhsuldarlığa nail olan pambıqçılardandır. Sahibkar ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 42 sentner məhsul götürüb. Onun sahəsində bu il də pambıq çox olub. Fermer əkdiyi 25 hektar sahədən indiyədək 107 ton məhsul götürüb.
“Yığım apardığım sahənin hər hektarından 43 sentnerdən çox məhsul toplamışam. Hələ sahəmdə pambıq var. Bu mövsüm plantasiyadan 110 tondan çox pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb, onlarda ruh yüksəkliyi yaradıb. Göstərilən hərtərəfli qayğıdan həvəslənən əkinçilər hər il sahələrini daha da genişləndirirlər”, – deyə fermer bildirib.

Kənd təsərrüfatı 2020-11-25 12:31:00