×
A
A
A
Sazlamalar

Xorvatiya ictimaiyyəti Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış Bəyanat barədə məlumatlandırılıb

Zaqreb, 24 noyabr, AZƏRTAC
Xorvatiyanın “Veçerni list” qəzetində və eyniadlı xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibənin mövzusu əsasən Ermənistan-Azərbaycan münaqişəsi və cari il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat olub.
İlkin olaraq məlumat verilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatı aparıb. Xorvatiya mətbuatında yayılmış, guya Dağlıq Qarabağ ermənilərinin özlərinin vuruşması barədə məlumatlar təkzib edilib və ordumuzun məhv etdiyi hərbi texnika barədə bəzi statistik məlumatlar diqqətə çatdırılıb.
Qeyd olunub ki, Dağlıq Qarabağ ermənilərinin 1991-ci ildə özlərini müstəqil dövlət elan etmələrinin heç bir hüquqi əsası olmadığı üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən ləğv olunub. Ölkəmizin BMT-yə Dağlıq Qarabağ da daxil olmaqla bütöv qəbul olunduğu və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində bunun təsbit edildiyi vurğulanıb.
Jurnalist Hassan Haydar Diabın “üçtərəfli Bəyanatın davamı kimi və münaqişənin siyasi nizamlanması baxımından Azərbaycan hər hansı kompromisə hazırdırmı?” sualına cavab olaraq bildirilib ki, ölkəmizin ərazi bütövlüyü heç zaman müzakirə mövzusu ola bilməz.
Sözügedən Bəyanat imzalandıqdan sonra Ermənistanda iğtişaş və mitinqlərin davam etdiyini xatırladan jurnalist hakimiyyət dəyişikliyi baş verdiyi təqdirdə Bakının addımlarının nə olacağı ilə bağlı suala cavabında F.Qurbanov deyib ki, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, imzalanmış sənədin bütün müddəaları tam şəkildə yerinə yetirilməlidir.
Türkiyənin münaqişənin həllində iştirakı ilə bağlı məsələyə münasibət bildirən səfir deyib ki, Türkiyə və Azərbaycan arasında tarixi köklərə dayanan qardaşlıq münasibətləri mövcuddur. Buna baxmayaraq, ölkələrimiz bütün sahələrdə beynəlxalq hüquq çərçivəsində əməkdaşlıq edir. Digər ölkələrdən olduğu kimi, Türkiyədən də hərbi avadanlıq yalnız müqavilə əsasında alınıb. Türkiyənin Azərbaycana siyasi dəstəyi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə göstərilib.
Diplomat Azərbaycan Ordusunun 100 min nəfərlik ordu olduğunu vurğulayaraq, ölkəmizin tam səfərbərlik elan etdiyi təqdirdə o qədər də döyüşçü ola biləcəyini bildirib. Bundan əlavə, cəbhədən yayılan xəbərlərdən göründüyü kimi, ordumuz müasir üsullarla savaşıb. Ermənistan, əksinə, açıq-aşkar digər dövlətlərdən müharibəyə muzdlu döyüşçülər cəlb edib. Dünya mediasının buna susması ikili standartların bariz nümunəsidir.
Müsahibə, eyni zamanda, səfir Xorvatiya ilə Azərbaycan arasında siyasi və iqtisadi sahədə olan münasibətlərə toxunub. O, son illər bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Cari ildə COVID-19 pandemiyası səbəbindən bir sıra tədbirlərin təxirə salınmasına baxmayaraq, bu şəraitdə də fəaliyyətin davam etdiriləcəyinə əminliyini bildirib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Siyasət 2020-11-24 20:00:00