×
A
A
A
Sazlamalar

Xalqla lider arasında olan birlik bütün qələbələrin açarı, gözəl günlərin qarantıdır

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam şəhərinə səfəri bir daha təsdiqlədi ki, dövlətimizin başçısı işğaldan azad olunmuş torpaqların tez bir zamanda yenidən dirçəldilməsini əsas prioritetlərdən biri hesab edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, artıq Şuşaya, Suqovuşana yol çəkilir, elektrik təminatı ilə bağlı konkret, operativ addımlar atılır, infrastruktur layihələri işlənilib hazırlanır. Sadəcə, məsələ burasındadır ki, vandal düşmən işğaldan azad olunan rayonlarda bir dənə də salamat bina, tikili qoymayıb. Hamısını dağıdıb, viran günə salıb.
“Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, torpaqları işğaldan azad etdikdən sonra bəzən biz Azərbaycan bayrağını sancmağa normal bir yer tapa bilmirdik. Erməni vəhşilər gördükləri, bildikləri, tanıdıqları hər şeyi dağıdıblar. Həqiqətən belədir və artıq bu həqiqətləri beynəlxalq ekspertlər, siyasətçilər, diplomatik korpusun nümayəndələri də öz gözləri ilə görüblər. Prezident İlham Əliyev qalib Ali Baş Komandandır. Ağdama da qalib kimi gedib”, - deyə Elşən Musayev vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı Ağdamda vəziyyətlə şəxsən tanış olub, mövcud şəraiti yerində dəyərləndirib. Bu, çox önəmli və ciddi hadisədir, həm mənəvi, həm də psixoloji baxımdan. Qələbənin əsas memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın dilbər guşəsi Ağdamda söylədiyi fikirlər, verdiyi mesajlar bir daha onu göstərir ki, xalqla lider arasında olan birlik bütün maneələri aşmağa qadirdir, bütün qələbələrin açarıdır, bütün gözəl günlərin və xoş gələcəyin qarantıdır.

Siyasət 2020-11-24 19:30:00