×
A
A
A
Sazlamalar

Masallıda çiyələk əkininə başlanılıb

Masallı, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Masallı rayonunun təsərrüfatlarında çiyələk əkininə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda çiyələk əkininə birincilər sırasında başlayan Şərəfə kəndində əsasən yerli iqlimə uyğun çiyələk növləri əkilir.
Fermer Rafət Abbasov hər il olduğu kimi, gələn il də məhsuldarlığın bol olacağına əmindir, çünki, bol məhsulun əsası məhz bu günlər qoyulur. Onun rəhbərlik etdiyi təsərrüfatda 4 hektara yaxın sahədə çiyələk əkiləcək, sahələrə 250 minədək şitil köçürüləcək.
Aqronom Rafiq Abbasov əkin zamanı fəhlələrə lazımi məsləhətlərini verir. O, bu sahədəki yaxşı işinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Çiyələkdən yaxşı gəlir götürdüyünü söyləyən R.Abbasov Türkiyədən gətirilən çiyələk növünün davamlılığı, uzaq məsafəyə daşınması baxımından daha əlverişli olduğunu bildirib.
Ötən il Rafət Abbasovun başçılıq etdiyi kollektiv çiyələk sahəsindən 70 tona yaxın məhsul yığıb. Bunun 40 tondan çoxu Rusiya Federasiyasının bazarlarına çatışa çıxarılıb.
Qeyd edək ki rayonda çiyələk yığımına gələn ilin aprel ayının sonlarında başlanılacaq.

Kənd təsərrüfatı 2020-11-24 19:04:00