×
A
A
A
Sazlamalar

Biləsuvarda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

Biləsuvar, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar rayonunda koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə əhalinin sağlamlığının qorunması, sosial təcridin gücləndirilməsi və qoruyucu vasitələrdən məcburi qaydada istifadəyə nəzarət məqsədilə rayonda fəaliyyət göstərən aidiyyəti təşkilatlarla birlikdə, şəhərin ayrı-ayrı küçələrində, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət obyektlərində, apteklərdə, banklarda, ödəniş terminallarının önündə və digər yerlərdə əhali ilə maarifləndirmə söhbətləri aparılır.
Əhali ilə söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin vacibliyi və hər bir vətəndaşın yalnız tibbi maskalardan, digər qoruyucu vasitələrdən istifadə etməklə sosial məsafə saxlayaraq hərəkət etmələri bildirilir.
Koronavirus infeksiyası ilə mübarizə məqsədilə rayonda vaxtaşırı keçirilən reydlərlə yanaşı, rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri və sakinlərin daha çox istifadə etdiyi digər yerlər kimyəvi məhlullarla dezinfeksiya edilir.
Əsasən insanların daha çox istifadə etdiyi yerlərə koronavirusdan mübarizəyə aid olan stikerlər yapışdırılır və əhaliyə təşviqat materialları paylanılır.
Noyabrın 23-dən başlayaraq isə rayon ərazisində taksi fəaliyyəti göstərən avtomobillərdə sərnişinlərlə sürücü arasında qoruyucu rolu oynayan şəffaf arakəsmələr quraşdırılır. Hazırda 70-ə yaxın taksidə bu arakəsmələr quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir.

Regionlar 2020-11-24 18:40:00