×
A
A
A
Sazlamalar

Respublika üzrə mövsümi qripə qarşı paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Oktyabrın 12-dən etibarən Azərbaycanda mövsümi qripə qarşı tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir. Ölkəyə gətirilmiş peyvəndlərin çox hissəsi əhalinin vaksinasiyasında istifadə olunub.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövsümi qripə qarşı peyvənd əhali tərəfindən çox yaxşı mənimsənilir və qəbul olunur: “Qrip peyvəndi nəzərdə tutulan məqsədli qrupdan - tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs problemi olan 6 aydan yuxarı uşaqlar və böyüklərdən əlavə, digər vətəndaşlar da vaksinasiya üçün yerli ambulator müəssisələrə müraciət edirlər. Peyvəndləşmə işi uğurla davam etdirilir. Hamilələr arasında peyvənd olunmaq müraciət edənlərin sayı az deyil. Respublika üzrə, yəni paytaxt və rayonlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib. Peyvəndlər dövlət tibb müəssisələrində tam pulsuzdur, könüllüdür. Hazırda peyvənd kampaniyasında istifadə olunan və ölkəyə gətirilən peyvənd həm effektiv, həm də keyfiyyətlidir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlər siyahısındadır".

Səhiyyə 2020-11-24 18:39:00