Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

COVID-19 pandemiyasından və müharibədən zərər çəkmiş uşaqlara dəstək məqsədilə təlimlər keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

“Azərbaycan Hökumətinin və BMT-nin gənclər üçün birgə xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra edilən “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Şəmkir, Qazax və Mingəçevirdən olan iştirakçıları üçün Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində incəsənət terapiyası təlimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, onlara yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, gəncləri gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Təlimi uğurla başa vuran iştirakçılar COVID-19 pandemiyasından və müharibədən əziyyət çəkən uşaqlara psixoloji dəstək verərək incəsənət terapiyası üzrə məşğələlər təşkil ediblər. Təlimlər zamanı iştirakçılar qorxu hissinin incəsənət vasitəsilə aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə - müharibə, epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənib və onların aradan qaldırılması üsullarını araşdırıblar.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, “UNICEF Azərbaycan”ın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən həyata keçirilir.

Sosial 2020-11-24 18:37:00