×
A
A
A
Sazlamalar

Biz Ağdama qayıtdıq - 27 illik həsrət sona çatdı

Ağdam...

Qarabağımızın Ağ-damı, bəy otağı!
Dostun sevimlisi, düşmənin göz dağı...
32 illik qanlı münaqişənin ilk gündən-ilk andan ağırlığını çiyinlərində daşıyan rayon, şəhər!
İlk Şəhidlərimizin verildiyi, qanlarının müqəddəs Vətən torpaqlarına qatıldığı, torpağı qanlarıyla suvarıb Vətən etdiyi bölgə...
Beş il (‪1988-93‬-cü illər, qara 23 iyulacan) düşmənə mərdliklə, igidliklə sinə gərib, öz qoynunda 160 minlik ağdamlı ilə birgə Xocalı şəhidlərini, Xocalı şahidlərini, qəlbi yaralı, acılı xocalıları, Qarabağın digər bölgələrindən minlərlə məcburi köçkünü, ‪1988-89‬-cu illərin Qərbi Azərbaycandan (indiki Ermənistandan) olan qaçqınlarını əziz, doğma insanları kimi yerləşdirən, saxlayan, onların qayğısını çəkən, dərdinə məlhəm Ağdam!
Savaşan, vuruşan, dirənən, Dastan yanan yazan Ağdam...
11 Milli Qəhrəmanı, 6500-dən (Birinci Vətən müharibəsi illərində, ‪1988-94‬-cü illərdə) çox şəhidi, minlərlə yaralısı, əlili, müharibə veteranı olan yurd yerimiz!
5 illik dirənişindən sonra alçaq düşmənə, onun qanlı havadarlarına məğlub olmağa məcbur olan vüqarlı, sınmaz Ağdam...
Bir Allah bilir sənin 32 ildə və qara 23 iyuldan bu yana, işğal illərində çəkdiyini, çəkdiklərini, göyüm-göyüm göynədiyini, göynədiklərini, sızım-sızım sızıldadığını, sızıldadıqlarını...
Yenilgini, məğlubiyyəti-hər hansı səbəbdən olursa-olsun-köçkünlük damğasını daşımaq çox çətin idi, ağırına, Ağ-damına yaraşdırmırdın...
Niyə də daşımalıydın, niyə də yaraşdırmalıydın, axı?!
Sən Azərbaycanımızın, sən Qarabağımızın güvənci idin, axı!!!
Artıq sevin, Ağdam, gül, Ağdam, əl götürüb, halay çək, Ağdam...
Sən Ağ-damına, imanına, gümanına qayıtdın!
Sən Xudu Məmmədovuna, sən Qurban Pirimovuna, sən Səxavət Məmmədovuna, sən Qədir Rüstəmovuna, sən Famil Mehdinə, sən Əlfi Hacıyevinə, sən Sara Qədimovana, sən Allahverdinə, sən Eldar Bağırovuna, sən Fred Asifinə...kimlərə-kimlərə qayıtdın... Qayıdışın mübarək!
27 illik acı, nisgilli, qüruruna sığışdırmadığın həsrətinə son qoyuldu...
Bir güllə atılımadan, bir Şəhid verilmədən azad olunsan da, sənə uğrunda yetişdirdiyin yüzlərlə, minlərlə can-fəda oldu!
Sən həm də Şəhid verərək, sən həm də döyüşərək Ağ-damına alnıaçıq, üzüağ qayıtdın...
Sən Müzəffər, Xilaskar Ali Baş Komandanın əsərisən, sən Qalib Sərkərdənin başçılıq etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusunun, İgid, Qəhrəman Azərbaycan Əsgərinin əsərisən...
Artıq sənin işğal günün yoxdur, Qalibiyyət günün var!
23 iyul sənin yaralı qəlbindən artıq birdəfəlik silinib atıldı, 20 noyabr Qalibiyyəti yazıldı ürəyinin, ürəyimizin başına...
Hamımız sevindik, hamımız qəhərləndik, hamımız səninlə sənin üçün-AZADLIĞIN üçün sevinc göz yaşları tökdük...
Dünən Sənin tarixində heç zaman unudulmayacaq-yeni bir Tarix, yeni bir-20 noyabr yaşandı, yazıldı...
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı, birinci xanımımız Mehriban xanım sənə qonaq gəldi, sənin ilk qapını açdı, qapını döyən ilk qonağın oldu...
Əlləri Quranlı, ağızları dualı...
Unudulmayacaq, zaman-zaman xatırlanacaq, xatırladılacaq bir AN, bir Gün, bir Tarix...
Ali Baş Komandan dedi:
“Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin...”.
Daha sonra sözlərinə əlavə etdi ki, düşmən bizi buradan-Ağdamdan gözləyirdi.
Amma biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır.
Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki Ali Baş Komandanın qürurla dediyi kimi, biz Ağdama gəlirdik.
“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda”, - deyən Ali Baş Komandan diqqətə həm də çatdırdı ki, Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, onun şərtlərinə əməl və öz məğlubiyyətini etiraf etdi.
Bəli, biz gəldik, biz Ağdama Qələbə ilə, Qalibiyyətlə gəldik...
Ali Baş Komandanın müdrik, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun yenilməzliyi sayəsində, nəticəsində.
Var olsun, min yaşasın, var olsunlar, min yaşasınlar!
Onlara-Sizlərə borcluyuq!
Qalib Sərkərdənin, Qurucu Dövlət Babanın sözləri ilə desək, biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.
Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.
Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.
Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir!
Və saatlar, dəqiqələr, oxlar, gözlər daha bir bölgəmizə, Dədə Şəmşir yurdu, saz-söz, igidlər oylağı Kəlbəcərimizə doğru zillənir, istiqamətlənir... Ağdamımızdan sonra Kəlbəcərimiz...Az qaldı, lap az qaldı Kəlbəcərim... 27 il, 10 gün dözdün, bir azca da döz... Gəlirik...Sən gözəl Azərbaycanım!
Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır, can Azərbaycandır!

Jalə Əliyeva
Milli Məclisin deputatı, professor

Cəmiyyət 2020-11-24 18:32:00