×
A
A
A
Sazlamalar

Ağdamlı ailələr doğma yerlərinə qayıtmağı səbirsizliklə gözləyirlər VİDEO

Salyan, 24 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Artıq Ağdam rayonu Müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı ordumuzun döyüş əzmi ilə azad günlərini yaşayır. 27 ildir yurd yerlərindən məcburi köçkün düşərək bölgələrdə məskunlaşan ağdamlıların sevinci yerə-göyə sığmır. Əməkdaşımız İsmayıl Cəfərli Salyan rayonunda məskunlaşan ağdamlı Muradovlar ailəsinin qonağı olaraq sevinclərinə şərik olub.
AZƏRTAC xəbər verir ki, ailənin başçısı Akif Muradov Ağdamda yaşadıqları müddətdə sürücü kimi çalışmaqla ailəsini dolandırıb. Ağdam işğal olunan gün - 1993-cü il iyulun 23-də yaşadıqları Novruzlu kəndini tərk ediblər. Ağdamdan çıxandan sonra ailə iki ay Ağcabədinin Hüsülü kəndində məskunlaşır. Sonradan Şirvan şəhərinə, daha sonra Salyana pənah gətirən ailə düz 27 ildir burada yaşayır. Ailənin Ağdamdan çıxara bildiyi təkcə 5-6 şəkil olur. Ağdamın erməni qəsbkarlarından azad olunduğu gün ailə bayram içərisində yaşayır. Nəhayət, 27 illik həsrətdən sonra kədər göz yaşlarını sevinc göz yaşları əvəz edib: “Müzəffər Ali Baş Komandanın uzun illər apardığı gərgin siyasətin nəticəsində biz Qarabağımıza qayıtdıq. Televiziyada Ağdamın azad olunduğu deyiləndə uşaq kimi ağladıq. Çox sağ olsun, qaçqınçılıq, məcburi köçkünçülük sözü bizim üstümüzdən götürüldü. Prezidentin bizə verdiyi ən böyük hədiyyədir. Prezident İlham Əliyev bizim əbədi liderimizdir. Güclü Ordumuza düşməni torpaqlarımızdan qovdu. Şəhid analarının qarşısında baş əyirəm. Bütün əsgərlər öz evlərinə sağ-salamat qayıtsın”.
Ağdamın Yusifcanlı kənd sakini Süsəngül Qasımova isə deyir ki, Ağdam sakinləri qəhrəman olmaqla bərabər, cəsarətli, halal zəhmətləri ilə dolanan olublar. Ağdam həm də varlı şəhər kimi tanınıb. Bu gün sakinlərin tək bir arzusu işğaldan azad olunan Ağdama qayıtmaq və orada yenidən həyata davam etməkdir: “Prezidentimizə təşəkkürümüzü bildiririk, biz kəndimizə qayıdacağıq. Yenə biz tikəcəyik, quracağıq, əkəcəyik, əvvəlki kimi el-obamızda firavan yaşayacağıq. İndi gözləyirəm, ay Allah, o torpaqlar nə vaxt təmizlənəcək minadan, gedib o torpağın ətrini, qoxusunu ala bilim. Bizim rayonun əhalisi zəhmətsevər olub, imkanlı insanlarımız çox olub. Heç nədən problemimiz olmayıb. Ölkə başçımız bizə yenə həmin günləri bəxş edəcək. Allah onu qorusun, dövlətimizi daha da ucaltsın”.
Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən noyabrın 20-də Ağdam rayonuna daxil olub. Bildirək ki, işğaldan əvvəl Ağdam rayonunun 125 yaşayış məntəqəsindən bir şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Regionlar 2020-11-24 17:27:00

Video