×
A
A
A
Sazlamalar

Digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyan koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər

Bakı, 24 noyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə COVID-19 virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirirlər. Vətəndaşların epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarını pozması hallarına yol verməmələri ciddi nəzarətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülür, koronavirusa yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyənləşdirilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılır.
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Noyabrın 22-də və 23-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında 21 aktiv koronavirus xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyənləşdirilib. Həmin şəxslər görülmüş tədbirlər nəticəsində dərhal təcrid ediliblər.
Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Hadisə 2020-11-24 14:43:00