×
A
A
A
Sazlamalar

Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Bakı, 24 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Noyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Nizami rayonu, Şirin Mirzəyev küçəsi 58, 58A və Qara Qarayev küçəsi 33, 37 ünvanında 2200 nəfər sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov KİV nümayəndələrinə müsahibəsində bildirib: “Sağlam mühit sağlam həyat deməkdir. Buna əsaslanaraq IDEA İctimai Birliyi təşkilatın təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi altında "Bizim həyət" layihəsini ardıcıl olaraq davam etdirir. Xüsusən xəstəliyin geniş yayıldığı bir vaxtda bu layihəyə xüsusi əhəmiyyət verilir”.
Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud olan insanların da rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 30 ağac əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispenserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Ekologiya 2020-11-24 13:17:00