×
A
A
A
Sazlamalar

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının forumunda təmsil olunub

Bakı, 24 noyabr, AZƏRTAC
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) video formatda keçirilmiş Rəqəmsal Kommunikasiya Forumu “COVID-19 pandemiyası və sonrakı dövrdə vergi administrasiyalarının kommunikasiya sahəsində fəaliyyəti” mövzusuna həsr edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, tədbirdə pandemiya dövründə vergi administrasiyasında kommunikasiya sahəsində tətbiq edilən yeniliklər və bunun nəticələri, pandemiyanın vergi administrasiyalarının kommunikasiya fəaliyyətinə gətirdiyi dəyişikliklər, öyrənilmiş və gələcəkdə tətbiqi mümkün olan təcrübələr müzakirə olunub.
IOTA-nın icraçı katibi Frantisek Imrecze forumun əhəmiyyəti, kommunikasiya alətlərinin vergiödəyiciləri üçün mühüm rolu və pandemiyanın kommunikasiya metodlarına təsirləri haqqında məlumat verib.
Plenar iclas və virtual qrup sessiyalarından ibarət forumun ilk günündə “COVID–19 dövründə və sonra kommunikasiya alətləri”, növbəti gün isə “Risklər, çağırışlar və gələcək üçün təcrübələr” mövzusunda plenar iclaslar keçirilib.
Böyük Britaniya, İspaniya, Sloveniya, Niderland, Moldova, Finlandiya, İrlandiya, Litva və Norveç təmsilçilərinin təqdimatları dinlənilib. Plenar sessiyalardan sonra keçirilən virtual qrup sessiyaları zamanı kommunikasiya sahəsində təcrübələr, yeniliklər və risklərin minimallaşdırılması ilə bağlı həllər ətrafında fikir mübadiləsi aparılıb.
Forumda ölkəmizi təmsil edən Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva iştirakçılara COVID-19 pandemiyası dönəmində və karantin rejimində Azərbaycanın vergi orqanları tərəfindən daxili və xarici kommunikasiyanın təşkili, vergiödəyiciləri üçün yaradılan yeni həllər, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin çatıdırılması ilə bağlı istifadəyə verilmiş elektron məhsullar və xidmət sahəsinin elektronlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycanda vergiödəyiciləri üçün operativ, şəffaf və rahat sistem yaratmaq, canlı ünsiyyəti minimuma endirmək və onların razılığını əldə etmək vergi siyasətinin mühüm bir hissəsidir, pandemiya şəraitində yaradılmış elektron həllər rəqəmsallaşma xidmətlərinin genişlənməsinə imkan verir.
Forumun yekun plenar iclası pandemiyanın kommunikasiya sahəsinə təsiri, pandemiya zamanı və pandemiyadan sonrakı dövrdə effektiv kommunikasiyanın qurulmasının müzakirəsi, eləcə də müzakirələrdən əldə olunmuş nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.

Maliyyə 2020-11-24 13:15:00