×
A
A
A
Sazlamalar

BDU-da işğaldan azad edilmiş ərazilərimizin abidələrinə və faydalı qazıntılarına həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) tarix və geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərimizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda onlayn dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev çıxışında işğaldan azad edilmiş ərazilərimizin ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin ermənilər tərəfindən talanması və s. aktual mövzularda akademik layihələrin işlənilib hazırlanması üzərində iş aparıldığını qeyd edib.
Akademik Vasif Babazadə “Azərbaycanın işğaldan azad olunmuş rayonlarının yüksək texnoloji strateji növ mineral xammal resursları, onların hazırkı durumu və proqnoz qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. İşğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, təbii sərvətləri, qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntıları, Qızıl bulaq mis-qızıl kolçedan yatağı, Vejnəli qızıl yatağı, Narzanlı civə yatağı, Levçay civə yatağı, Turşsu mineral bulağı barədə məlumat verilib. Akademik vurğulayıb ki, Qarabağın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını da öz töhfəsini verəcək.
Dəyirmi masa professor İbrahim Zeynalovun “Qarabağın tarixi-mədəni abidələri”, professor Nazim İmamverdiyevin “Laçın və Kəlbəcər rayonunun geologiyası”, professor Qüdrət İsmayılzadənin “Qarabağın arxeoloji abidələri” mövzularında məruzələri ilə davam edib. Çıxış edənlər Üzərlik təpə abidəsi, Şuşa qalası, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş XIX yüzilliyin türbəsi, Şahbulaq qalası kimi abidələri, Laçın və Kəlbəcər iqtisadi rayonunun ərazisindəki qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. kimi faydalı qazıntı ehtiyatları, İstisu, Minkənd, Tutqunçay mineral bulaqları haqqında ətraflı məlumat veriblər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 270-dən çox iştirakçı qatılıb.

 

Elm və təhsil 2020-11-24 12:18:00