×
A
A
A
Sazlamalar

Məktəbdə yaratdığı muzeyə şəhidin adı verilib

İsmayıllı, 24 noyabr, AZƏRTAC

Qarabağ döyüşlərində şəhid olan İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin məktəbdə yaratdığı tarix muzeyinə onun adı verilib. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Famil Əhmədzadə 1997-ci ildən həmin məktəbdə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan tarixinə, maddi-mədəniyyət irsimizə marağı ilk vaxtlardan onu məktəbdə tarix muzeyi yaratmağa həvəsləndirib və çox keçmədən buna nail olub. Muzeydə eramızdan əvvəl III-II minilliyə aid dulusçuluq, XVII-XIX əsirlərə aid maddi-mədəniyyət, xüsusilə misgərlik nümunələrinin və müasir dövrün əl işlərinin yer aldığı ekspozisiyalar bura gələn hər kəsdə böyük maraq doğurur. Tarix dərslərinin çoxunu muzeydə tədris edən Famil müəllim şagirdlərə qədim, orta və müasir tariximizə aid hər bir eksponat barədə zəngin məlumat verirdi.
Sentyabrın 27-də başlanan Vətən müharibəsindən üç gün sonra Famil müəllim könüllü olaraq cəbhəyə gedib və baş leytenant kimi döyüşlərə qatılıb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olub. Hazırda İsmayıllıdakı Şəhidlər xiyabanında uyuyur. Ölümündən sonra məktəbin pedaqoji kollektivi yekdilliklə tarix muzeyinə şəhidin adını verib və burada onun haqqında xüsusi guşə yaradılıb.

Regionlar 2020-11-24 11:48:00