×
A
A
A
Sazlamalar

İctimai iaşə dövriyyəsi 2 dəfə azalıb

Bakı, 23 noyabr, AZƏRTAC

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında kəskin azalma müşahidə edilib (cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12 dəfə, 13 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə). Nəticədə mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmi azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, oktyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 2 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 605 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,4 faizi hüquqi şəxslərin, 53,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 278,8 milyon manat təşkil edib.

İqtisadiyyat 2020-11-23 13:03:00