×
A
A
A
Sazlamalar

Pərakəndə ticarət şəbəkəsində 31,6 milyard manatlıq məhsul satılıb

Bakı, 23 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq, o cümlədən 17 milyard 34,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 milyard 628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb. Cari ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

 

İqtisadiyyat 2020-11-23 10:53:00