×
A
A
A
Sazlamalar

Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri gözləri ilə görüblər VİDEO

Füzuli, 22 noyabr, Məhərrəm Əlioğlu, foto R.Mehdiyev , AZƏRTAC

Noyabrın 22-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.
Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.
Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.
Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib. Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.
Xüsusilə vurğulanıb ki, Füzuli sakinlərinin 27 illik yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.
Diplomatlar rayonun Aşağı Ədürrəhmanlı, Kürdlər kəndlərində və Füzuli şəhərində dağıdılmış qəbiristanlıqlara, mədəniyyət obyektlərinə baxıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, burada gördüyümüz dağıntılar insanda narahatlıq və qəmginlik doğurur: “Vaxtilə Azərbaycanın çiçəklənmiş şəhərlərindən olan Füzuli gördüyünüz kimi, erməni vandalları tərəfindən viran qoyulub. Bu, əslində, Ermənistanın əsl simasıdır, əsl mahiyyətidir.
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin Füzuli şəhərinə bu səfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında təşkil olunub ki, onlar öz gözləri ilə işğal dövrü ərzində şəhərə qarşı törədilmiş vandallığı, vəhşiliyi bir daha görsünlər və bunun şahidi olsunlar.
Bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən və ölkəmizə müvəqqəti gəlmiş xarici media nümayəndələrinin də Füzuli şəhərinə səfəri təşkil olunub. Əsas məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Torpaqlarımız işğaldan azad olunana qədər bu barədə danışırdıq, müxtəlif faktları təqdim edirdik. Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun əsaslarla əyani formada təqdim etməkdə çətinlik çəkirdik. Amma hər şey bu gün gözümüzün qarşısındadır və biz durduğumuz bu ərazi də Füzuli şəhərinin qəbiristanlığı olub. Burada uyuyan vətəndaşlarımıza, soydaşlarımıza, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Azərbaycan vətəndaşı kimi hər birimiz qəmginik, çünki gözümüzün qarşısında belə bir viranəlik var. Digər tərəfdən də fəxr hissi keçiririk ki, torpaqlarımız nəhayət işğaldan azad olundu. Onu da əminliklə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Füzuli şəhəri də Azərbaycanın digər şəhərləri kimi yenidən qurulacaq və inkişaf etmiş regionlardan biri olacaq”.
Düşməndən azad olunmuş postların birinə baxış zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, bu gün Füzuli şəhərinə səfər edən diplomatlar erməni vandalizmini öz gözləri ilə gördülər: “Bu ərazidən bizim dinc sakinlərimiz 30 ilə yaxındır ki, atəşə tutulub. Mülki əhali arasında şəhid olanlar var. Bu da onu göstərir ki, ermənilərin bu torpaqları geri qaytarmaq fikri olmayıb. Bu ərazilərdən qeyri-qanuni istifadə ediblər. Siz burada iqtisadi cəhətdən güclü olmayan Ermənistanın məhv edilən texnikalarını görürsünüz. Yol boyu gördünüz ki, qəbiristanlıları nə günə qoyublar, texnikalarla məzarları qazıb izini itiriblər. Körpüləri, xəstəxanaları, mədəniyyət obyektlərini, məscidləri dağıdıblar. Ümid edirəm ki, siz bu həqiqətləri bütün dünyaya olduğu kimi çatdıracaqsınız”.
Diplomatlar düşmənin Füzuli şəhərinə atdığı "Smerç" raketinin qalıqları olan ərazilərə də baxıblar. Bildirilib ki, döyüşlər gedən vaxtı Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan da istifadə edib.
Dağılmış evini görməyə gələn şəhər sakini Şərafət Hacıyeva diplomatlara deyib: "Bizim evlərimiz ermənilər tərəfindən dağıdılıb. Qoyub getdiyimiz evlərdən əsər-əlamət yoxdur. Hər yer dağılıb, məhv edilib. Bütün bunları erməni vəhşiləri, vandalları edib. Onlar bilirdilər ki, bu torpaqlar onların deyil. Bir gün bu torpaqların sahibi qayıdacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Evlərimizi belə görüb kədərlənirik. Amma bu kədərlə bərabər, böyük sevincimiz var. Torpaqlarımız işğaldan azad olunub. Biz indi səbirsizliklə rayonumuza qayıdacağımız günü gözləyirik”.
Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı diqqətə çatdırılıb ki, bu dağılmış tikili XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.
Şəhər Mədəniyyət Mərkəzinin yerləşdiyi əraziyə baxış zamanı burada skripkada səslənən musiqi diplomatların marağına səbəb olub.

2020-11-22 20:40:00

Video