×
A
A
A
Sazlamalar

Gələn ildən etibarən polietilen torbaların, plastik qabların istifadəsi məhdudlaşdırılacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Gələn ildən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik qabların istifadəsi qadağan edilir. Bu məsələ Milli Məclisin son iclasında qəbul olunmuş “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
"EkoSfera" Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Bakı Dövlət Universiteti, ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Firuzə Sultanzadə AZƏRTAC-a bildirib ki, bəlkə də hələ hər kəs bioloji parçalanmayan plastik torbaların bugünkü miqdarda istifadəsinin və istehlakınln tamamilə lazımsız olduğunu dərk etmir: "Supermarketlərdə, mağazalarda, köşklərdə, marketlərdə plastik torbaların sayında məhdudiyyət yoxdur, bu da müştəriləri plastikdən həddindən artıq istifadə etməyə təşviq edir. Beləliklə, istehsalçı və satıcı məsuliyyətsiz şəkildə məhsul üçün pulsuz qablaşdırma kimi plastikdən istifadə edir və alıcıya çox vaxt seçim imkanı verilmir. İnsan tərəfindən yaradılan və atılan, təbiətin “həzm edə bilmədiyi” plastik məhsulların həddindən artıq istehsalı və istehlakı belə baş verir. Bu, plastikin yığılmasına və onun insanın özü də daxil olmaqla bütün orqanizmlərin qida zəncirlərinə parçalanmayan mikrohissəciklər şəklində daxil olmasına gətirib çıxarır. İstehlak dövrünün əvvəlində həyatımızı asanlaşdıraraq, bunun nəticəsini özümüzün və övladlarımızın sağlamlığı ilə ödəyirik. Sadəcə başlanğıcda düşünmək və şüursuz şəkildə istifadə olunan plastik qablaşdırma məhsullarından imtina etmək asan deyil. Unutmayın, qarşınıza qoyduğunuz hədəflərinizə doğru kiçik addımlarla uzun yol qət edə bilərsiniz!".
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da plastik məhsullarla bağlı cəmiyyətə çağırış edərək deyib: “Özümüzü, evdəkiləri düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq”.

 

Ekologiya 2020-11-21 12:43:00