×
A
A
A
Sazlamalar

FHN-in modul tipli hospitalının həkimləri ABŞ-dakı həmkarları ilə COVID-19 xəstələrinin müalicəsini müzakirə ediblər

Bakı, 19 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin modul tipli hospitalının qısa müddətdə istifadəyə verilməsi, burada təşkil olunmuş peşəkar tibbi xidmət COVID-19 xəstəliyi ilə mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının təzahürüdür.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, bu diqqət və qayğının nəticəsi olaraq modul tipli hospital koronavirusa yoluxanlara yüksək səviyyəli tibbi xidmətin təmin edilməsi məqsədilə xarici tərəfdaşlarla sıx təcrübə mübadiləsi həyata keçirir. Belə ki, hospitalın həkimləri ilə ABŞ-ın Yuta Ştatının Tibb Universitetinin tanınmış dosenti Mir-Mustafa Mir-Kasimov arasında videobağlantı formatında seminar – təcrübə mübadiləsi təşkil edilib. Müzakirə edilən mövzular ağır və çox ağır COVID-19 xəstələri, onların reanimasiya şəraitində menecmenti, ən son müalicə protokolları, habelə intubasiya və ağciyərlərin fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilən süni tənəffüs cihazlarının tətbiqi və “SARS-CoV-2” virusunun törətdiyi fəsadların menecmenti ilə bağlı digər məsələlər olub.
Seminar çərçivəsində amerikalı mütəxəssis azərbaycanlı həmkarları ilə ABŞ təcrübəsini paylaşıb, hazırda tətbiq edilən ən son təlimat və protokollar müzakirə edilib.
Qeyd edək ki, hospitalla müxtəlif ölkələrin COVID-19 ilə mübarizə aparan tanınmış tibb ocaqları arasında belə videobağlantıların mütəmadi təşkil edilməsi planlaşdırılır.
Növbəti həftələrdə ABŞ, Türkiyə və İsrailin reanimatoloqları ilə seminar-müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son bir neçə ayda hospitalda çalışan həkimlərin, orta və kiçik tibb personalının fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi məqsədilə çoxsaylı təlim və seminarlar təşkil edilib.

Sosial 2020-11-19 16:55:00