×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının təşkili qaydaları müzakirə edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşdə Şahin Bayramov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan şanlı Qələbənin əldə edilməsi və düşmən tapdağında olan əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə pedaqoji heyəti təbrik edib.
Rektor xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin distant təşkilində göstərdikləri fəallığa görə universitetin müəllim kollektivinə təşəkkürünü bildirib, elektron tədris resurslarının, xüsusilə videodərslərin hazırlanması və tələbələrə çatdırılması işlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonra universitetdə 2020-2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları ilə bağlı ətraflı məlumat verilib. Mövcud vəziyyətlə əlaqədar tələbələrin cari və aralıq qiymətləndirilməsində müvafiq dəyişiklikləri və güzəştləri özündə ehtiva edən bu qaydalardan irəli gələn vəzifələr universitetin professor-müəllim heyətinin diqqətinə çatdırılıb.
Müzakirələrlə davam edən görüşdə qaydalarda nəzərdə tutulmuş qiymətləndirmə mexanizmi, sərbəst işlərin yazılması, kollokviumların və yekun imtahanların təşkili, tətbiq olunması mümkün olan güzəştlər və digər məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların sualları cavablandırılıb.
Sonda cari tədris ilində universitetin pedaqoji heyətinin qarşıda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edən Ş.Bayramov müəllimləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb.

 

Regionlar 2020-11-19 13:29:00