×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində ABŞ alimlərinin onlayn təlimləri davam edir

Bakı, 19 noyabr, AZƏRTAC 

Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisadiyyat və idarəetmə fakültəsində ilk dəfə qəbul aparılan “İngiliscə iqtisadiyyat” ixtisası üzrə kadr hazırlığı davam edir.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva AZƏRTAC-a məlumat verib ki, bu məqsədlə yeni ixtisas üzrə dərslərlə məşğul olacaq müəllimlər və habelə fakültə tələbələri üçün ABŞ-ın Şimali İlliyons Universitetinin professorlarının onlayn məşğələləri təşkil olunub.
“Biznesə giriş və biznes strategiyası” mövzusunda ilk təlimi professor Paul Prabhaker, “Sahibkarlıq və kiçik biznesin inkişafı” mövzusunda təlimi isə ABŞ-nın İndiana şəhərində yerləşən Purdue Universitetinin professoru Jamaluddin Husain keçib. Noyabrın 16-da təlimin növbəti 10-cu məşğələsi olub. “Keyfiyyət idarəetməsi” mövzusunda təqdimat aparan professor Con Kalaras qlobal rəqabət şəraitində firmaların həyata keçirdiyi strategiya, müxtəlif ölkələrdə bunun üçün tətbiq olunan modellər barədə geniş məlumat verib. İnteraktiv şəraitdə aparılmış təlimdə iştirakçıların sualları cavablandırılıb, növbəti məşğələlərin mövzuları açıqlanıb.
Qeyd edək ki, təlimlər sentyabr ayından başlayıb. Onlayn təlim üzrə məşğələlər dekabrın 7-dək davam etdiriləcək.

Regionlar 2020-11-19 13:00:00