×
A
A
A
Sazlamalar

Biləsuvarda tədarük olunan pambığın 23 min tondan çoxu maşınlarla yığılıb

Biləsuvar, 19 noyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımının sürəti günbəgün artır. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək sahələrdən 26 min 244 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər hektarın məhsuldarlığı 26 sentner təşkil edir. Yığılan məhsulun 23 min 860 tonu maşınların köməyi ilə toplanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2990 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçılarının ixtiyarına verilib. Bunun nəticəsində də məhsul toplanışı zamanı pambıqçılar ciddi çətinliklərlə rastlaşmayıblar. Hazırda sahələrdə 3-cü yığım gedir. Hər gün 195–200 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Nurəddin Mirzəyev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 4 hektar sahənin hər hektarından 48 sentner məhsul götürüb.
“Bu il 4.75 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi, bu mövsüm də məhsulu maşınlarla yığıram. İndiyədək sahədən 26 tondan çox pambıq toplamışam. Hər hektarın məhsuldarlığı 55 sentner təşkil edib. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 10 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.

Kənd təsərrüfatı 2020-11-19 12:21:00