×
A
A
A
Sazlamalar

Qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə muxtar respublikada həyata keçirilən tədbirlər davam etdirilir

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 20 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 853 müraciət daxil olub. Daxil olan müraciətlərdən 588-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi və yenidən rəsmiləşdirilməsi, daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 265 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 68-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Regionlar 2020-11-19 10:43:00