×
A
A
A
Sazlamalar

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Lənkəran, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 27-dən başlayaraq erməni təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum həmləsi zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşərək Böyük Qələbə uğrunda mübarizə apardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qızıl tarix yazan şanlı Azərbaycan Ordusu döyüş meydanında hərbi və geosiyasi vəziyyəti dəyişərək Böyük Qələbəyə imza atdı.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəran rayonundakı Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinin direktoru Mayis Kazımov bildirib.
Həm xalqın, həm siyasi partiyaların hakimiyyət ətrafında dəmir yumruq kimi birləşməsi, ən başlıcası xilaskar lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərin zəkası, ağıllı, cəsarətli və qətiyyətli komandanlığı və Azərbaycan Ordusunun göstərdiyi şücaət nəticəsində Azərbaycanın mədəniyyət beşiyi, qeyrət qalası, 28 il yarım erməni faşistlərinin tapdağı altında qalan Azərbaycanın dilbər guşəsi, Qarabağın tacı olan qədim Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad olunduğunu söyləyən lənkəranlı ziyalı, Şuşanın azad edilməsinin həm siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
O deyib: “Azərbaycan Ordusunun Qarabağ uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı Qələbənin kulminasiya nöqtəsi Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşanın alınması erməni vandallarının tam məğlubiyyəti demək idi. Şuşa dəniz səviyyəsindən 1420 metr yüksəklikdə yerləşir. Şəhər üç tərəfdən sıldırım qayalarla əhatə olunduğu üçün praktik olaraq “alınmaz qaladır”. Müzəffər Ordumuzun Şuşaya tərəf irəlilədiyi zaman dünyanın bir çox tanınmış hərbi ekspertləri şəhərin işğaldan azad olunmasının ən azı 2-3 aya mümkün olacağını bildirmişdilər. Lakin yenilməz Azərbaycan Ordusu misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri düşməndən azad edib, tam olaraq nəzarəti ələ aldılar. Erməni işğalçıları ağır itkilər verərək geri çəkilməyə məcbur edildilər. Düşmənin yüzlərlə əsgəri məhv edildi, döyüş texnikası sıradan çıxarıldı və çox hissəsi ordumuz tərəfindən qənimət kimi götürüldü. Peşəkar zabit, əsgər heyəti və ən yeni müasir silahlarla təmin olunmuş Azərbaycan Ordusu qəhrəmanlıq və şücaət göstərərək doğma torpaqlarımızı azad etdi. Şuşanın mərkəzində dünyanın ən gözəl və əzəmətli bayrağı olan üçrəngli Azərbaycan bayrağı sancıldı!”.
Bu gün doğma Azərbaycanın son əsrlərin ən böyük zəfərini yaşadığını, Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail olduğunu söyləyən M.Kazımov söhbəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Şuşa zəfəri münasibətilə Azərbaycan xalqına müraciətindəki aşağıdakı sözlərlə tamamladı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri azad edildi!”
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!.

Regionlar 2020-11-18 18:58:00