×
A
A
A
Sazlamalar

Neftçalada 23 min hektardan çox sahədə payızlıq taxıl əkini aparılıb

Neftçala, 18 noyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 123 min 661 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 40 min 500 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 23 min 680 hektar sahəyə toxum səpiblər. Rayonun Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 110-120 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər.
Qeyd edək ki, bu il Neftçalada 40 min 500 hektar sahədə payızlıq taxıl əkilməsi planlaşdırılıb.

Kənd təsərrüfatı 2020-11-18 12:39:00