×
A
A
A
Sazlamalar

Turizm obyektlərinə sanitariya və gigiyena sertifikatı təqdim edilib

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən bir sıra turizm obyektlərinə sanitariya və gigiyena sertifikatı təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov pandemiya dövründə Turizm Departamentində onlayn fəaliyyətin davam etdirildiyini bildirib. Qeyd edilib ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın pandemiya dövründə onlayn formada icrası üçün kompleks iş aparılıb. Reklam-informasiya materiallarının hazırlanmasına diqqət artırılıb, sosial şəbəkələr vasitəsilə fəaliyyət gücləndirilib. Naxçıvan Muxtar Respublikasının turizm loqosu hazırlanıb və təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikasının turizm potensialı Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifə, qrup və kanallarında təbliğ edilib. Həmçinin kadr hazırlığı da diqqətdə saxlanılıb, mütəmadi olaraq onlayn konfrans və görüşlər keçirilib.
Çıxışda turizmdə yerləşdirmə xidmətinin səfərin ən əhəmiyyətli komponentlərindən biri olduğu vurğulanıb, pandemiya dövründə mehmanxana və mehmanxanatipli obyektlərin fəaliyyətinin təmini əhəmiyyət kəsb etdiyi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqqında ətraflı məlumat verilib.
“Nəqşicahan Holding” Şirkətlər Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Rifat Mahmudov bildirib ki, hər bir turizm obyekti qəbul edilmiş qərarların və görülən tədbirlərin əhəmiyyətini, bu sahədə öz üzərinə düşən məsuliyyəti dərk etməli, pandemiyanın qarşısının alınması ilə bağlı görülən işlərə öz töhfəsini verməlidir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov Turizm Departamenti tərəfindən aparılan monitorinqlər barədə məlumat verib. Qeyd olunub ki, monitorinqlər zamanı işçi heyətə nəzəri və praktik tövsiyələr verilib, məlumatlandırıcı və xəbərdaredici plakat nümunələri təqdim edilib.
Tədbirin sonunda fəaliyyətində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını təmin etdiyinə görə “Duzdağ” və “Təbriz” mehmanxanaları, “Saat Meydanı” hoteli və Ağbulaq İstirahət Mərkəzinə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sanitariya və gigiyena sertifikatı təqdim edilib.

Regionlar 2020-11-18 12:34:00