×
A
A
A
Sazlamalar

Qarabağ zəfəri ölkəmizin dünyadakı nüfuzunu daha da möhkəmləndirib

Bakı, 16 noyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbə ölkəmizin regionda və dünyadakı nüfuzuna da əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Qarabağ zəfəri, eyni zamanda, işğalçı Ermənistan üçün ciddi mesaj və tarixi dərsdir. Ermənistan bu məğlubiyyətdən və tarixi dərsdən lazımi nəticə çıxarmalı, gələcəkdə yeni təxribatlara yol verməməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O qeyd edib ki, tarixi qələbəmizdən sadəcə Ermənistan deyil, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq istəyən bütün qüvvələr nəticə çıxarmalıdır. Dövlətimizin başçısı da dəfələrlə vurğulayıb ki, heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz. Azərbaycan öz qələbəsi ilə sübut etdi ki, onunla təhdid dili ilə danışanların sonu faciəvi olur. Biz hazırda Ermənistanın timsalında bu faciəyə şahidlik edirik.
Cəlil Xəlilov bildirib ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə, ərazi bütövlüyünü bərpa etməyə, onunla zor dili ilə danışmaq istəyənləri susdurmağa qadir olduğunu dünya əyani şəkildə gördü. Bunun arxasında isə güclü iqtisadiyyat, xalq-dövlət birliyi, xalqın Müzəffər Ali Baş Komandan ətrafında birləşməsi dayanır.
"Qüdrətli Ordumuz bütün dünyaya sübut etdi ki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə hörmət edir və özünə qarşı da məhz bu münasibəti tələb edir", - deyə polkovnik vurğulayıb.

Sosial 2020-11-16 22:16:00