×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv olub

Bakı, 16 noyabr, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (“InBIA”) üzv seçilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, assosiasiyanın missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək üçün lazımi dəstək alətləri təklif etməkdir. Otuz ildən çoxdur fəaliyyət göstərən “InBIA”nın hazırda 60-dan artıq ölkədə 2 mindən çox üzvü mövcuddur.
Assosiasiyanın təlim proqramlarında iştirak etmək, mentorlar və ekspertlərlə tanış olmaq, həmçinin sənaye sahələrindəki son yeniliklərdən xəbərdar olmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək imkanı gənc sahibkarların inkişafını sürətləndirir.
Hər bir üzv “InBIA”nın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiyadan keçmək imkanını da qazanır. Assosiasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir.
İnnovasiyalar Agentliyinin “InBIA”ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək.

İKT 2020-11-16 16:06:00