×
A
A
A
Sazlamalar

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu: Növbəti qələbəmizin koronavirus üzərində olması üçün qaydalara riayət edək

Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin dövründə həyata keçirilən “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı ailələrə tibbi və sosial dəstəyin təşkili” yekunlaşmasına baxmayaraq öz missiyasını təbliğat və təşviqat kampaniyası ilə davam etdirir.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov AZƏRTAC-a bildirib ki, layihənin əsas məqsədi koronavirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güclüyük” müraciətinə dəstək verərək, “Qaydalara riayət edərək, maska taxaq, özümüzü və ətrafımızdakıları qoruyaq!” şüarı ilə Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımlar etmək, ictimaiyyət arasında maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.
Ali Baş Komandan İlham Əliyevin cəsarətli komandanlığı ilə Qəhrəman Müzəffər Ordumuz Qarabağda Ermənistan silahlı birləşmələri tərəfindən işğal etmiş torpaqlarımızı azad edərək qələbə qazandı. Bu tarixi əhəmiyyət kəsb edən çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın və Ordumuzun yanında oldu.
Bu gün biz, bilikdə, Qarabağda gedən döyüşlərdə işğalçı düşmən ermənilərə qalib gəlsək də, COVID-19 infeksiyasına hələ qalib gəlməmişik, koronavirusa yoluxmuş xəstələrin sayı günü-gündən artır, son sutka ərzində 2259 nəfər bu infeksiyaya yoluxub. Vətəndaşlarımız hələ də COVID-19 infeksiyasına biganə yanaşırlar.
Koronavirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlara dəstək verərək, Bakı şəhərində ehtiyacı olan 186 nəfər imkansız, az təminatlı ailələrə, müharibə əlillərinə, veteranlara ərzaq yardımı və psixoloji gərginliyi artmış müharibə əlillərinə, ümumi əlillər üçün psixoloji-reabilitasiya xidməti günləri təşkil edilərək, həkim psixoloq İbrahim Əsədli tərəfindən onların psixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına lazım olan köməklik göstərilib.
Layihə çərçivəsində təşkil olunmuş hüquqi xidməti günlərində hüquqşünas İlham Əhmədov tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olanların ailələrinin, əlil olmuş şəxslər, müharibə veteranları və ehtiyata buraxılmış hərbi qulluqçular tibbi-sosial məsələləri və sığorta olunmalarında yaranmış problemlərin həllinə hüquqi köməklik göstərilib.

Sosial 2020-11-16 14:32:00