×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Bakı, 16 noyabr, AZƏRTAC

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması təmin olunacaq. Qeyd edək ki, dövlət başçısının sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanda reabilitasiya infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması və eyni zamanda reabilitasiya müəssisələri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi, reabilitasiya imkanlarının artırılması sahəsində mühüm işlər aparılır. 2019-cu ildə və bu ilin ötən dövründə Bakı, Yevlax, Naftalan, Lənkəran, Xaçmaz, Şəki, Şirvan şəhərlərində Reabilitasiya Müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu ilin sonunadək Sumqayıt və Şağan Reabilitasiya Müəssisələri də açılacaq. Uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində bu il Şəmkir və Qəbələ şəhərlərində Uşaq Reabilitasiya müəssisələri fəaliyyətə başlayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərimizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlçatan bərpa müalicə imkanlarına malik olması üçün həmin ərazilərdə də yeni reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə inşa olunacaq müəssisələr müasir avadanlıqlarla da təchiz ediləcək. Bərpa müalicə prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanılacaq.
Həmçinin sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad edilən ərazilərimizi də əhatə edəcək. Həmin bölgələrdə tənha ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında həmin ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurulması təmin olunacaq.
Bakı, Göyçay və Gəncə şəhərlərində peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir və işğaldan azad edilmiş bölgələrdə də yaxın dövrdə regional peşə hazırlığı infrastrukturunun qurulması nəzərdə tutulur.
Bu istiqamətdə aparılacaq işlər, yaradılacaq müəssisələr həmin bölgələrimizdə reabilitasiya və sosial xidmətlər sisteminin qurulması ilə bərabər, yeni iş yerlərinin və məşğulluq imkanlarının artmasına da müsbət təsir göstərəcək.

Sosial 2020-11-16 13:08:00