×
A
A
A
Sazlamalar

Kəlbəcər sakini: 27 il hər gün, hər saat bu günün həsrəti ilə yaşamışıq

Bakı, 16 noyabr, AZƏRTAC
İndi o vaxtdan 27 ildən artıq vaxt keçir...
Qarabağ müharibəsinin ən dəhşətli hadisələrdən olan bu faciə 27 il əvvəl -1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verib. Həmin vaxt rayonun ən böyük və ən ucqar kəndində sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri işğal etməsindən gec xəbər tutaraq mühasirəyə düşüblər. Kəndlə rayon mərkəzini birləşdirən tuneldən keçən yol kəsilib, mühasirədən xilas olmağa isə başqa yol qalmayıb...
Hadisənin iştirakçılarından olan İsmət Əzizov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İşğal zamanı köməksiz vəziyyətdə qalan 62 nəfər kənd sakininin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyat yaşadı. Onların arasında 8 uşaq, 24 qadın, 15 qoca var idi. Eyni tale ilə üzləşən Laçın rayonundan gələn 13 hərbçi də bizə qoşuldu. Çox böyük çətinliklər, məhrumiyyətlər yaşadıq. Nə az, nə çox, düz 113 gün Dəlidağın soyuq və qarlı qışında hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi, soyuğa, aclığa qarşı mübarizə apararaq dözdük”.
Mühasirənin digər bir iştirakçısı Müşfiq Ələsgərov xatırlayır: “Dağlara çəkilərək oradakı kahalara sığınmaq və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qaldıq. İşğal zamanı 65 min nəfərlik əhalisi olan rayonumuzun erməni quldurları tərəfindən necə talan və qarət edildiyini, onların törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri gözlərimiz önündə baş verib. Mühasirəyə düşəndən bir neçə gün sonra ermənilər yerimizi öyrəndilər və aprelin 19-da “Portda” kahasında bizi gülləbarana tutdular. Həmin qətliamdan sonra cəmi 30 nəfər qaldıq”.
Laçın rayonundan olan Səlim Mehdiyev isə bunları deyib: “İyulun 17-də özümüzə sığınacaq seçdiyimiz kahaları tərk edib Daşkəsən istiqamətində yola düşdülər. Gizli yollarla mühasirədən çıxan 29 nəfər çox böyük əzab-əziyyət bahasına 7 gün yol gedəndən sonra nəhayət, doğmalarımıza qovuşa bildik. Çox böyük məhrumiyyətlər hesabına Daşkəsənin Zivlən kəndinə yetişərək məşəqqətli mühasirə həyatından xilas olduq”.
Başlıbel mühasirəsinin şahidlərindən olan Mahir Cəfərov doğma yurdun azad edilməsi xəbərini çox böyük sevinclə qarşılayıb: “27 il hər gün, hər saat bu günün həsrəti ilə yaşamışıq. Bu gün çox xoşbəxtik. Bu xoşbəxtliyi bizə yaşatdığına görə Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Milli Ordumuzun hər bir əsgər və zabitinə çox böyük minnətdarlıq edirik”.
Kəndin sakinlərindən Elşad Əzizov isə bunları əlavə edib: “Hələ də mənə yuxu kimi gəlir ki, gedib doğma kəndi, onun dağlarını, kahalarını, yadigar qoyub gəldiyimiz qəbiristanlığı, mühasirə zamanı həlak olmuş yoldaşlarımızın məzarını görəcəyik. Amma biz bu günə inanırdıq. Əbəs yerə deyil ki, dağların sinəsinə öz adlarımızı həkk eləmişdik ki, nə vaxtsa ora qayıdanlar bizdən soraq tuta bilsinlər. Şükür ki, indi özümüz qayıdacağıq”.

 

Sosial 2020-11-16 13:02:00