×
A
A
A
Sazlamalar

İşğalın Dağlıq Qarabağ və ətraf rayonların fitosanitar vəziyyətinə təsiri

Bakı, 12 noyabr, AZƏRTAC

Bitki mühafizəsinin əsas vəzifələrindən biri də müxtəlif vasitələrlə fərqli zoocoğrafi ərazilərdən təsadüfən yeni əraziyə keçmiş invaziv zərərli orqanizmləri tədqiq etmək və ehtiyac olduğu təqdirdə lazımi mübarizə tədbirləri tətbiq etməkdən ibarətdir. Bu məqsədlə respublikamızın müxtəlif rayonlarına daxil olan fərqli ekosistemlərdə vaxtaşırı monitorinqlər aparılır və bitki sağlamlığı istiqamətində lazımi tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanovanın hazırladığı məqalədə deyilir.
Müəlliflər daha sonra yazırlar: Təəssüf ki, uzun illər erməni işğalına məruz qalan ərazilərimizdə bu cür tədbirlər planı həyata keçirmək mümkün olmayıb. Belə ki, ölkəmizdə karantin zərərvericiləri, xəstəlik və alaq otlarının yayılması haqqında 1997-ci il yanvarın 2-nə aid hesabatda göstərilən məlumatlar işğaldan əvvəlki son illərə aiddir.
İşğaldan əvvəl həmin ərazilərdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınıb. Ağdərə rayonunda 292 hektar, Xocavənd rayonunda 114 hektar, Xocalı rayonunda 293 hektar, Şuşa rayonunda isə 39 hektar sahədə Kolorado kartof böcəyinin yayıldığı müəyyən edilib. Bundan başqa, Qubadlıda 8 hektar, Zəngilanda 0,1 hektar, Ağdamda 2 hektar, Füzulidə 15,1 hektar ərazidə Kolorado böcəyinə rast gəlinib.
Filloksera zərərvericisi Ağdərə rayonunda 3000 hektar, Xocalı rayonunda 600 hektar, Xocavənd rayonunda 3750 hektar ərazidə qeydə alınıb. İşğal altında olan Ağdam rayonunda isə 2834 hektar ərazini əhatə edən üzüm sahəsində zərərvericinin yayıldığı məlumdur.
Komstok yastıcasına Ağdərə rayonunda 45 hektar, Xocavənd rayonunda 6 hektar, Xocalıda 14 hektar ərazidə rast gəlinib. İşğala məruz qalmış digər rayonlarımızdan Ağdamda 32 hektar, Zəngilanda 8 hektar, Tərtərdə 5 hektar, Füzulidə 6,9 hektar sahədə komstok yastıcası aşkar edilib.
Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınıb. Qızılsarmaşığa Ağdam rayonunda 601,5 hektar, Zəngilan rayonunda 72 hektar, Laçın rayonunda 121 hektar, Füzuli rayonunda 1003 hektar, Ağdərə rayonunda 1500 hektar, Xocavənd rayonunda 2400 hektar, Xocalıda 1400 hektar, Şuşada isə 200 hektar ərazidə rast gəlinib. Bundan başqa, Ağdam rayonunda 300 hektar ərazidə sürünən kəkrə də yayılıb.
Lakin işğala məruz qalan ərazilərimizdəki fitosanitar vəziyyət haqqında sonralar heç bir məlumat toplamaq mümkün olmayıb.
Həmin zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsi ilə nəticələnib. Digər tərəfdən, həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olub.
Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır.
Ermənistan tərəfindən həyata keçirilən ekoloji terrorlardan biri də işğala məruz qalmış Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə törədilmiş yanğınlar və deqradasiyadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan dəyib. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi, Şuşa, Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq sahəsi qırılaraq məhv edilib. Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınıb. 25-26 faizi meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 faizi məhv edilib.
Məlumdur ki, 261 min hektar meşə, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, hündürlüyü 45, diametri 6-8 metrədək, yaşı 120 ildən 2 min ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri işğal edilmiş ərazilərdə qalıb. Böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyəti həmin ərazilərdə məskunlaşmış ermənilər tərəfindən məhv edilib.
Ermənistan ordusunun əsgərləri və orada məskunlaşan gəlmə əhali tərəfindən mütəmadi olaraq qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv edilib, torpağın üst münbit qatı yararsız hala düşüb. Müxtəlif vaxtlarda ermənilər işğal etdikləri ərazilərin geniş hissəsində (Xocavənd, Ağdam, Qubadlı, Zəngilan) yanğınlar törədiblər. Qeyd edək ki, yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat məbləğində ziyan dəyib. Yanğın nəticəsində torpağın üst qatı və bitki örtüyü, ərazidə olan qiymətli ağac və kollar məhv edilib. Orada olan fauna və floradan əsər-əlamət qalmayıb, təbiətə xeyli ziyan vurulub. Həmin yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin və bitki örtüyünün tələf edilməsinə, atmosferin çirklənməsinə səbəb olub.
Lakin törədilən yanğınların fəsadları bununla bitmir. Belə ki, təbii ekosistemlərin və aqrosenozların məhv edilməsi orada məskunlaşan zərərli orqanizmlərin qida bitkilərinin müxtəlifliyinin artmasına təkan verən amillərdəndir. Biçənəklərin və əkin sahələrinin yandırılması bir çox təhlükəli zərərvericilərin, xüsusən də ev siçanı, çöl siçanı, adi çöl siçanı, qırmızıquyruq qum siçanı, kiçik Asiya qum siçanı, boz siçan, boz siçovul və s. kimi siçanabənzər gəmiricilərin, Mərakeş çəyirtkəsi, Asiya çəyirtkəsi, İtaliya çəyirtkəsi kimi sürü halında köç edən zərərvericilərin kütləvi şəkildə sərhədboyu yaşayış ərazilərinə doğru yayılmasına və xüsusilə taxıl sahələrinin kütləvi məhvinə səbəb olub. Gəmiricilər kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, insanlara və kənd təsərrüfatı heyvanlarına bir çox xəstəliklər yoluxdurub.
Qeyd edək ki, son illər işğal altında olan ərazilərdən ölkə ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən biridir. Rəşadətli ordumuz tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi həmin sahələrdə fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.

Ekologiya 2020-11-12 14:12:00