×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Yaponiya ictimaiyyətini böyük Qələbə barədə məlumatlandırır

Tokio, 11 noyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi yerli ictimaiyyəti Dağlıq Qarabağda Azərbaycan Ordusunun qazandığı böyük Qələbə barədə məlumatlandırır.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə diaspor mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.
Bu günlər dünyanın müxtəlif yerlərində yaşayan bütün soydaşlarımız kimi, Yaponiyada yaşayan azərbaycanlıların da Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə qazanılan qələbəni böyük sevinclə qarşıladığını qeyd edən X.Kələntər bu münasibətlə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik etdiklərini bildirib. Vurğulayıb ki, 30 ilə yaxın müddətdə hər bir azərbaycanlının qəlbində böyük ağrı ilə daşıdığı Dağlıq Qarabağ problemi, işğal edilmiş ərazilər məsələsi artıq yoxdur. Sonunu hər birimizin böyük həsrətlə gözlədiyi həmin acıya nöqtə qoyulub. Bu nöqtəni qalib Azərbaycan Ordusu və hamımızın fəxri, Azərbaycan xalqının əsl lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev qoyub.
X.Kələntər deyib: “Mən 40 ildir ki, Yaponiyada yaşayıram. Ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən torpaqlarımızın işğalını, xalqımızın haqlı mövqeyinə dünyanın susmasını, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, Xocalı soyqırımını yapon ictimaiyyətinə çatdırmaq üçün əlimdən gələni əsirgəməmişəm. Müqəddəs torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü səbirsizliklə gözləmişəm. Düşünürəm ki, məhz qalib Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində bizə bu böyük Qələbənin sevincini yaşamaq qismət oldu. Bu gün biz qalib xalqın nümayəndələriyik və bundan sonra Yaponiyada ölkəmizin uğurlarını təbliğ edəcəyik. Buradakı çoxsaylı yerli dostlarımızla daha da sıx birləşərək Vətənimizin xoş sədasını yayacağıq.
Yaponiyada yaşayan bütün azərbaycanlılar adından, buradakı yapon dostlarımız adından xalqımıza və Prezidentimiz İlham Əliyevə təbriklərimizi çatdırırıq.
Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş igid əsgərlərimizə Allahdan rəhmət, yaralıların tezliklə sağalmalarını diləyirik”.
X.Kələntər rəhbəri olduğu diaspor təşkilatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, bununla əlaqədar beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Dağlıq Qarabağda son döyüşlər və qələbəni təsdiq edən üçtərəfli bəyanat barədə Yaponiya ictimaiyyətinin məlumatlandırılması işində yaxından iştirak etdiyini də bildirib.
Diaspor rəhbəri Qələbənin qazanılmasında xalqımızın dövlətimizin ətrafında bir yumruq kimi birləşməsinin xüsusi rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu, ədalətin qələbəsidir.
X.Kələntər təbrikini bu sözlərlə bitirib: “Qarabağ Azərbaycandır! Allah Azərbaycanı qorusun! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Prezidenti İlham Əliyev!”.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Diaspor 2020-11-11 19:51:00