×
A
A
A
Sazlamalar

Füzulidən olan məcburi köçkün: Çox şükür ki, bu günləri yaşadıq!

Bakı, 11 noyabr, AZƏRTAC
Yaxşı yadımdadır, uşaq vaxtı isti yay günü qoyun-quzu otaranda susuzluqdan dodağımız qupquru quruyurdu. Qoyunları arxaca verib dodağımızı kəndimizin buz kimi soyuq bulaqlarına dayayıb sudan içə bildikcə içər, sərin suyu boyun-boğazımıza vurardıq. Xalqımızın qələbə sevincini, sinələrə sığmayan duyğusunu görəndə uşaq vaxtındakı həmin səhnə gözlərim önünə gəlir. Susuz adam suya təşnə olduğu kimi, xalqımız neçə illərdən bəri bu Qələbənin həsrətində idi. Çox şükür ki, bu günü yaşadıq!
Məcburi köçkün Əzim Əhmədov AZƏRTAC-ın müxbiri ilə söhbətinə bu sözlərlə başlayıb.
O, fikrinə davam edərək deyib: “Müharibə bizim ailəmizin həyatını alt-üst etdi. Düşmən işğalı altına düşən rayonumuz, Ərgünəş dağının ətəklərində yerləşən doğma Qaradağlı kəndi erməni vandallarının əsarəti altında yerlə yeksan oldu. Göstərilən kadrlardan görürük ki, quldurlar rayonumuzda daşı daş üstə qoymayıblar. 1992-ci il avqustun 15-də Məlikcan kəndi uğrunda gedən döyüşdə qardaşım oğlanları Azər və Şikar Əhmədovlar şəhidlik zirvəsinə yüksəldi. Çoxlu qohumlarım, həmkəndlilərim Qarabağ savaşının qurbanı oldu. 27 il Vətən həsrətində qovrula-qovrula yaşadıq”.
Əzim Əhmədov köks ötürərək deyir: “Artıq ömrümün ixtiyar vaxtına çatmışam. Xalqımızın qələbə xəbərini eşidəndə səhər tezdən oyanıb Fəxri xiyabana getdim. Ulu öndər Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanında uyuyan övladlarımızı ziyarət etdim. Min dəfə şükür edirəm ki, balalarımızın qanı yerdə qalmadı. Çox böyük əziyyət, min bir zəhmət hesabına olsa da, bu günləri gördük. Bu günü bizə yaşatdığına görə şəhid ailələri adından xalqımızın layiqli oğlu, Heydər Əliyev siyasi kursunun davamçısı, Ali Baş Komandan İlham Əliyevə, yeni tarix yazan Azərbaycan Ordusuna minnətdarlıq edirəm. Ümid edirəm ki, Qarabağda həyat bərpa olunandan və məcburi köçkünlər uzun illərdən bəri həsrətində olduğu doğma torpaqlara qayıdandan sonra xalqımıza daha xoş günlər yaşamaq nəsib olacaq”.

Sosial 2020-11-11 14:42:00