×
A
A
A
Sazlamalar

Kökdən gələn qəhrəmanlıq hissi

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan xalqının döyüş meydanında əldə etdiyi bu zəfər igidlərin, Vətən oğullarının qanı bahasına əldə edildi. Əslində isə bu zəfərin bünövrəsi 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. O vaxtkı döyüşlərin qəhrəmanları sübut etdilər ki, bu müharibədə uğur əldə etmək, qalib gəlmək, zəfər qazanmaq mümkündür. Erməni ordusunun məğlubedilməzliyi barədə deyilənlər onların özlərinin uydurduğu mifdən başqa bir şey deyil. Aprel döyüşlərinin qəhrəman zabitləri əsgərlərin önündə gedərək sanki bir qələbə cığırı açdılar, gənclik üçün örnək oldular. Onlar Azərbaycan naminə can fəda etməyin çox parlaq nümunələrini yaratdılar. Bu gün xalqımıza məxsus tarixi torpaqları geri qaytaran, Şuşaya bayraq sancan məhz həmin qəhrəman oğlanların davamçılarıdır. Çox xoşbəxtik ki, bu günləri yaşadıq. Bu qələbə ilə şəhidlərin qisası alındı. Ay yarım davam edən müharibədə xalqımız siyasi müstəvidən əvvəl hərb meydanında öz sözünü dedi. Bu döyüşdə Azərbaycan ordusu özünün hünər və bacarığını, rəşadət və mərdliyini nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu sözlər “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovaya məxsusdur.
İctimai Birliyin sədri deyib: “Bu gün şəhid analarının göz yaşlarının quruduğu gündür. Bu gecə onları əllərində üçrəngli bayraq, dillərində şüarlarla paytaxt küçələrinə çıxaran məhz bu hisslər idi. Dörd il üzləri gülməyən, qəlbən sevinməyən ailələr, şəhid övladları Azərbaycan ordusunun bəxş etdiyi zəfər hesabına sevindilər.
Ötən savaşdan 30 ilə yaxın vaxt keçsə də, yurda qurban gedən şəhidlərin vətənpərvər övladları torpaq sevincini, Qarabağ sevgisini unutmadıqlarını nümayiş etdirdilər. Onlar bütün dünyaya bariz şəkildə göstərdilər ki, Vətən Azərbaycan oğlu üçün hər şeydən öndədir və bölünməzdir. Onlar Vətənin, doğma yurdun Azərbaycan ovladı üçün necə müqəddəs olduğunu və həmin hissləri xalqımızın yaddaşından heç bir qüvvənin silə bilmədiyini bir daha sübut etdilər. Hər şey kökünə, ilkinliyinə qayıtdığı kimi, bu müqəddəs duyğular da bünövrədən, kökdən gəlir.
Can verib, qan töküb ana torpağı yağı düşmənin əsarətindən xilas edən şəhidlərin məqamı ən uca mərtəbədədir. Bu gün şəhidlərin ruhu həm də ona görə rahatdır ki, onların arzusu çiçək açır, xalqımız öz torpağına qovuşur, məcburi köçkünlər yurdlarına qayıdır. Xalqımız bu qələbə üçün Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərlik etdiyi Azərbaycan ordusunun qəhrəman zabit və əsgərlərinə və bu müqəddəs yolda qurban gedən şəhidlərimizə minnətdarlıq edir”.

Sosial 2020-11-11 12:58:00