×
A
A
A
Sazlamalar

“Ulu Vətən” mahnısı yeni aranjemanda təqdim edilib

Bakı, 9 noyabr, AZƏRTAC

Sevda Ələkbərzadə və Türkiyənin məşhur “MaNga” qrupunun solisti Fərman Akgülün iştirakı ilə “Ulu Vətən” mahnısına yeni klip çəkilib. Klip Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihə sentyabrın 27-dən etibarən başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğal altından azad olunması naminə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam edən Vətən müharibəsində zəfər və qələbələrimizə ithaf olunub.
Ölkəmizə səfər edən Fərman Akgül Azərbaycana dəstəyini və sevgisini bu mahnı vasitəsilə çatdırmaq istədiyini deyib. Türkiyəli müğənni “Ulu Vətən” mahnısını əməkdar artist Sevda Ələkbərzadəyə yeni aranjemanda – rok-ballada üslubunda təqdim edib.
Bəstəsi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya məxsus olan mahnının ekran işini rejissor İlham Qasımov öz öhdəsinə götürərək, Vətənə dəstəyini nümayiş etdirib.
Layihə “İticket” və “Base” leyblı ilə birgə hazırlanıb. Mahnını bu linkdən izləmək mümkündür: https://youtu.be/Dqfoo4v-eKA

Sosial 2020-11-09 14:03:00