×
A
A
A
Sazlamalar

Qarabağ qazisi: Cəbhədə gedən uğurlu əməliyyatlar ağrılarımı unutdurub

Bakı, 9 noyabr, AZƏRTAC
Yaşar Ağayev İsmayıllı rayonunda doğulub. 2007-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurandan sonra Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Hissəsində xidmətini davam etdirib.
“Uşaqlıqdan hərbçi olmağa həvəsim var idi. Ona görə xidmətimi başa vuran kimi kurs keçərək xidmətimi həmin hissədə davam etdirmək qərarına gəldim. 2016-ci ilin aprelində Talış yüksəkliyi uğrunda gedən döyüşdə başımdan ağır yaralandım. 45 gün Mərkəzi Hərbi Hospitalda reanimasiya şöbəsində koma vəziyyətində qalmışam. Qardaş Türkiyədə Ankara şəhərindəki Gülhanə xəstəxanasında uzunmüddətli müalicədən sonra başımda əməliyyat apararaq məni həyata qaytarıblar. İndi birinci qrup əliləm. Lakin qəlbimdəki həyat eşqi, erməni qəsbkarlarını işğal etdikləri torpaqlardan qovmaq arzusu bir an da olsun məni tərk etmir”,- deyə Yaşar AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Noyabrın 9-da Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə avtomobil təqdim olunarkən ona da minik avtomobili təqdim olunub. Qarabağ qazisi Yaşar ona göstərilən qayğıdan razılıq edərək deyib: “Müharibə veteranı kimi hər cür qayğı ilə əhatə olunmuşam. Sağalmağım, yenidən həyata qayıtmağım üçün dövlətimiz tərəfindən mənə çox böyük kömək göstərilib. Son günlər Milli Ordumuzun Qarabağı erməni qəsbkarlarından təmizləmə əməliyyatı məndə çox böyük ruh yüksəkliyi yaradıb. Bircə ona təəssüflənirəm ki, döyüş yoldaşlarım həmin əməliyyatlarda iştirak edir, mən isə onlarla bir sırada deyiləm. Talış kəndinin düşməndən azad edilməsi mənim üçün çox böyük hədiyyə oldu. Buna görə Ali Baş Komandan İlham Əliyevə, Milli Ordunun bütün əsgər və zabitlərinə ürəkdən təşəkkür edirəm. Uğurlu əməliyyatlar getdiyi bu günlərdə ağrılarımı unutmuşam. Şuşanın azad edilməsi isə məni hədsiz dərəcədə sevindirib. Müharibənin tezliklə xalqımızın qələbəsi ilə başa çatacağı günü səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, onda rahat nəfəs ala biləcəyəm”.

Sosial 2020-11-09 14:02:00