Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeni nəsil kompüter çipi yaradılıb

Bakı, 7 noyabr, AZƏRTAC
İsveçrəli mühəndislər iki funksiyanı – verilənlərin saxlanmasını və emalını birləşdirən yeni nəsil kompüter sxemi yaradıblar.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yeni sxem daha yığcam, sürətli və enerji baxımından səmərəli qurğu yaratmağa imkan verir. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.
İndiyədək kompüter mikrosxemlərinin enerji baxımından səmərəliliyi hazırda istifadə edilən Fon Neyman arxitekturası ilə məhdudlaşır. Ona əsasən verilənlərin emalı və saxlanması iki ayrıca blokda yerinə yetirilir. Bu, verilənlərin daim iki qurğu arasında ötürülməsi deməkdir ki, özlüyündə xeyli zaman və enerji tələb edir.
Lozanna Federal Politexnik Məktəbinin (EPFL) Nanoölçülü elektronika və strukturlar laboratoriyasının mühəndisləri yeni texnologiya yaradıblar. Həmin texnologiyada 2D-materialdan yaddaş funksiyasını məntiqi əməliyyatla bir araya gətirən vahid arxitektura yaradılması üçün istifadə olunur.
İki bloku vahid konstruksiyada birləşdirən mühəndislər enerji itkisinin xeyli dərəcədə azalmasına nail olublar ki, bu da süni intellektə əsaslanan əlavələr üçün xüsusən vacibdir.
Mikrosxem molibden sulfiddən (MoS₂) – qalınlığı üç atom qədər olan ikiölçülü materialdan hazırlanıb. EPFL mühəndisləri bir neçə il əvvəl MoS₂-nin spesifik xüsusiyyətlərini öyrənərkən aşkar ediblər ki, bu, elektron əlavələr üçün əla yarımkeçiricidir.
Alimlər onun əsasında “floating gate” sahə təsirli tranzistorda mikrosxem hazırlayıblar. Adətən fotoaparatların, smartfonların və kompüterlərin fləş-yaddaşında istifadə edilən bu tranzistorların üstünlüyü ondan ibarətdir ki, onlar elektrik yükünü uzun müddət saxlaya bilir.
Molibden sulfidin unikal elektrik xüsusiyyətləri onu sahə təsirli tranzistorlarda saxlanılan elektrik yükünə xüsusən həssas edir ki, bu da mühəndislərə həm yaddaş qurğusu, həm də proqramlaşdırıla bilən tranzistor qismində sxem yaratmağa imkan verib. Sxemin iki funksiya yerinə yetirmək qabiliyyəti insan beyininin fəaliyyəti – neyronların həm yaddaşda olanları saxlamasında iştirakı, həm də hesablamalar aparmasında iştirakı kimidir. Bu sxem, həmçinin hesablama əməliyyatları üçün zəruri olan vaxta qənaət edə bilər, yığcam yer tutar. Mikrosxem kiçik ölçüdə, eyni zamanda, daha güclü və enerjiyə daha çox qənaət edən qurğuların yaradılması üçün perspektivlər açır.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, çipin özü də onların institutunda yaradılıb. On il əvvəl ilk çipi əllə yaradıblar. Həmin vaxtdan sonra təkmilləşdirilmiş istehsal prosesi yaradılıb və hazırda bu, bir dövrədə 80 və daha çox çip hazırlamağa imkan verir.
Alimlər mikrosxemin hazırlanmasında digər materiallarla da eksperiment aparmağı planlaşdırırlar.

Texnologiya 2020-11-07 18:17:00