×
A
A
A
Sazlamalar

Karantin qaydalarına əməl olunmasını təmin etmək üçün polis əməkdaşları gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirirlər VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə xidmətlərini yorulmadan davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsilə sanitar-karantin qaydalarına əməl olunması daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara riayət etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat verilir.
Paytaxtın demək olar ki, hər bir nöqtəsində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb.

Sosial 2020-11-03 18:35:00

Video