×
A
A
A
Sazlamalar

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsini yayıb

Daşkənd, 1 noyabr, АZƏRTAC
Özbəkistanın “fikr.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağ resurslar məsələsi deyil, bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir” sərlövhəsi ilə verilən yazı rus dilində yayımlanıb.
Jurnalistin nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? sualına Azərbaycan Prezidenti belə cavab verib: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
“İnterpress.uz” saytının Bərdə və digər şəhər və kəndlərimizin atəşə tutulması ilə bağlı məqaləsində bildirilir ki, “Amnesty International” Ermənistanın Azərbaycanın Bərdə şəhərində kasset bombalarından istifadə olunduğunu təsdiq edib. Bildirilir ki, “Smerç” kasset bombası adamların sıx toplaşdığı əraziyə düşüb və nəticədə 21 adam həlak olub, çoxlu yaralananlar və dağıntılar var.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.
Bundan əlavə, “tnews.uz” portalı “Vladimir Putin Azərbaycanı dəstəklədi” sərlövhəli məqalə ilə çıxış edib.
Yazıda deyilir: “Rusiya Prezidenti Vladimir Putin “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında bildirib ki, Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır.
“İnterpress.uz” portalı digər məqaləsində yazır ki, tanınmış ABŞ eksperti Piter Teys erməni terrorizmini dayandırmağa çağırıb. O deyib ki, Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq Azərbaycanda dinc əhaliyə qarşı terror aktları həyata keçirib və belə terror aktları pislənməlidir.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

Siyasət 2020-11-01 00:02:00