×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti İzmirdə zəlzələ baş verən əraziyə gəlib

İzmir, 31 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İzmir vilayətində zəlzələ baş verən bölgəyə gəlib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzinə gələn Türkiyə Prezidenti ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.
Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin Egey vilayətində 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkənin İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.
Son məlumatlara əsasən, baş verən yeraltı təkanlar nəticəsində indiyədək 35 nəfər həlak olub, 800-dən çox vətəndaş yaralanıb. Bəzi dağıntıların altında qalanların axtarış-xilasetmə işləri davam edir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İzmir

Dünya 2020-10-31 20:54:00