×
A
A
A
Sazlamalar

Deputat: Təəssüf ki, dünya azərbaycanlı uşaqların qətlinə susur

Bakı, 31 oktyabr, AZƏRTAC

Qarabağ məsələsi ilə bağlı bu günə qədər mövcud olan ikili standartlar yenə də özünü göstərir. Bir ay ərzində həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdəki dinc əhaliyə qarşı törədilən hərbi cinayətlər nəticəsində 11 uşaq qətlə yetirilib, 36 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Erməni terrorçularının dinc sakinlərə hücumu davam etdikcə, bu rəqəmlər də dəyişir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
Jalə Əliyeva deyib: “Çox təəssüf ki, 30 ildən bəri davam edən erməni təcavüzü və iddiaları, ədalətsiz müharibənin nəticələri qarşısında ötən müddətdə olduğu kimi, bu gün də bir çox dünya ölkələri, beynəlxalq təşkilatlar, hətta bu problemin birbaşa həllinə məsul olan ATƏT-in Minsk qrupu, onun həmsədrləri səslərini çıxartmadılar. Bu illər ərzində yalnız bölgəyə turist səfərləri edib növbətçi bəyanatlarını verməklə öz vəzifələrini bitmiş hesab etdilər. Artıq bir aydan çoxdur ki, Azərbaycanın erməni təxribatlarına qarşı keçirdiyi əks-hücum əməliyyatları böyük uğurla davam edir, inamla irəli addımlayırıq. Bu nailiyyətlərdən təşvişə düşən Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanında ordumuza cavab verə bilmədiyindən, cəbhə bölgəsindən çox uzaqda yerləşən, dinc əhalinin yaşadığı, ölkənin əhəmiyyətli, strateji və qədim şəhərləri olan Gəncəni, Bərdəni, Mingəçeviri, daha əvvəl isə Tovuzu, hətta Naxçıvanın Ordubad rayonunu raketlə vurmağa başladı. Xüsusən Gəncəyə atılan raketlər və Bərdənin mərkəzinə kasetli bombalarla hücum çox sayda insanın həlak olması və yaralanması ilə nəticələndi. Təəssüf ki, ölən və yaralananların arasında uşaqlar da var. Onlardan bəziləri valideynlərindən birini, bəziləri isə hər ikisini itirdi. Bu uşaqlar böyük psixoloji sarsıntı keçiriblər. Onlar yatdıqları yerdə, öz evlərində qətlə yetiriliblər. Başqa vaxt dünyaya demokratiya dərsi keçən, barmaq silkələyən beynəlxalq qurumlar bu gün ermənilərin yanındadır, ermənipərəst mövqe ortaya qoyurlar. Birbaşa uşaq hüquqları ilə məşğul olan UNICEF son bir ayda yalnız dünən bəyanat yayıb. Lakin təəssüf ki, yenə də heç bir təsir gücünə malik olmayan, növbəti dişsiz bəyanat... Bu uşaqlar kimlərdir, hansı ölkəyə aiddirlər, heç ad və soyadları, yaşları qeyd olunmur, hadisənin harada baş verdiyi göstərilmir. Bu ikili mövqenin səbəbi nədir, haqsızın yanında olmağın səbəbi nədir?”.
Deputat qeyd edib ki, bu gün beynəlxalq təşkilatların göz yumduğu terror sərhəd tanımır, bu, sabah digər ölkələrə qarşı da törədilə bilər. BMT-nin uşaq hüquqları ilə bağı konvensiyası var. Uşaq hüquqları ilə bağlı Konvensiyanın 38-ci maddəsi 15 yaşına qədər uşaqların müharibəyə cəlb olunmasını, onlardan istifadəni, onların həyatına təhlükə yaranmasını cinayət hesab edir. Həmin təşkilatlar ən azı buna əsaslanaraq səslərini çıxartmalıdırlar. Dünya bu qədər səssiz qala bilməz. Anlamalıdırlar ki, bu gün Azərbaycanın, İslamın, türkün gücündən qorxuya düşərək dinc əhaliyə hücum edən Ermənistan və onların havadarları istənilən ölkəni hədəfə ala bilərlər. Çünki terrorun sərhədi yoxdur, məhdudiyyət, kimlik tanımır. O zaman bu güllələr, ballistik raketlər digər ölkələrə yönələ bilər. Bütün dünya, xüsusən də özlərini insan hüquqlarının carçısı hesab edən ölkələr bundan xəbərdar olmalı, Azərbaycanın haqlı mübarizəsini dəstəkləyərək səslərini ucaltmalı, təcavüzkara “dur" deməyi bacarmalıdırlar. “Dur” deyərkən bunu Azərbaycana da şamil edirlər. Ancaq Azərbaycan heç kimin ərazisinə hücum etməyib, öz torpağında savaşır, öz vətəndaşlarını qoruyur və haqlı bir Vətən müharibəsi aparır.

Cəmiyyət 2020-10-31 18:57:00