×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin birinci kurs tələbələrinin 15-i Prezident təqaüdçüsüdür

Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) həm Prezident təqaüdçüləri, həm də 600-dən yuxarı bal toplayan digər tələbələrin sayına görə respublikanın ali məktəbləri sırasında öndə gəlir. Sevindirici haldır ki, son illər yüksək bal toplayaraq bu ali təhsil ocağını seçən abituriyentlərin sayında artım davam edir. 2020/2021-ci tədris ilində 102 Prezident təqaüdçüsündən 15-i BDU-nu seçib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, insan kapitalının inkişafını daim diqqət mərkəzində saxlayan Bakı Dövlət Universitetinin əsas məqsədi bilikli, müasir təhsil yeniliklərini mənimsəmiş, dövlətçilik prinsiplərini, azərbaycançılıq məfkurəsini və milli-mənəvi dəyərlərimizi əsas tutan mütəxəssislər yetişdirməkdir. Universitetdə elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin tələbəlik illərindən tədqiqata yönləndirilməsi məqsədilə yüksək bal toplayaraq ali təhsil ocağına qəbul olmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində intensiv işlər aparılır. Əminik ki, ölkə rəhbərliyinin təhsilə və elmə göstərdikləri diqqət və qayğı tələbələrimizə daim stimul verəcək, təqaüdçü tələbələr savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcək, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaq, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklər.
Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə gənc kadrlara yaranan böyük ehtiyac səbəbindən ümummilli lider Heydər Əliyevin “Prezident təqaüdü” təsis etməsi haqqında 2001-ci il 3 sentyabr tarixli 564 saylı Fərmanı yerli kadrların yetişdirilməsi işinə böyük töhfə olub.

Elm və təhsil 2020-10-31 12:52:00