×
A
A
A
Sazlamalar

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

Bakı, 31 oktyabr, AZƏRTAC

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” Qərar qəbul edib.
Qərara əsasən, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (“G-cloud”) Konsepsiyası”na və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”nun arxitekturasına, inkişafı (miqyaslanma) və miqrasiyanın yüksəksəviyyəli planına uyğun olaraq, “Hökumət buludu”nun Milli Data Mərkəzinin, o cümlədən “bulud” platformasının mərhələli şəkildə inkişaf etdirilməsi ilə bağlı tədbirlər görəcək. Nazirliyə Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”na keçid dövrünə uyğun olaraq, 2 dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya operatorları ilə birlikdə “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görmək tapşırılıb. Nazirlik, həmçinin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət edəcək və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər isə informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməli və “Hökumət buludu”nun operatoruna şərait yaratmaldır. Həmçinin aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında göstərilmiş müddətlərdə “Hökumət buludu”nda yerləşdirilməsi təmin edilməlidir.

İKT 2020-10-31 12:40:00